Tərkibi (1 ml (20 damcı) məhlulda)
Təsiredici maddələr:
Elementar dəmir - 25 mq (mikrokapsulyasiya olunmuş Fe3+ pirofosfat 167 mq),
Fol turşusu 300 mkq, B12 vitamini 2 mkq, C vitamini 40 mq.
Köməkçi maddələr: su, fruktoza, kalium sorbat, limon turşusu, qara albalı dadlandırıcısı.
Məhsul haqqında məlumat
Tempiron, tərkibində mikrokapsulyasiya texnologiyası ilə hazırlanmış dəmir pirofosfat, fol turşusu, B12 və C vitaminləri olan kombinə olunmuş antianemik vasitədir. Tempiron damcı dəmirə olan gündəlik tələbatı ödəmək və ya dəmir çatışmazlığını aradan qaldırmaq məqsədilə istifadə olunur.
Mikrokapsulyasiya olunmuş dəmir unikal və texnologiyanın son nailiyyəti olan mikroionlaşdırılmış dəmir pirofosfat birləşməsidir. Dəmir hemoqlobin, mioqlobin və bəzi fermentlərin əsas tərkib hissəsidir. Dəmir ionları qırmızı qan hüceyrələrinin və hemoqlobinin əmələ gəlməsinə, orqanizmdə oksigenin nəqlinə, immun sisteminin normal fəaliyyətinə, enerji istehsalı, yorğunluq və fiziki tükənmənin azalmasına kömək edir. Nanotexnologiya üsulu ilə hazırlanmış və oksidləşməyə qarşı davamlı olan dəmir pirofosfat həzm traktında parçalanmadan nazik bağırsaqdan sorulur. Dəmir pirofosfatın sorulması nazik bağısağın M hüceyrələri (limfoid follikullar (Peyer düyünləri) olan nahiyələrdə epitelinin tərkibində yerləşən xüsusi hüceyrələr) vasitəsilə həyata keçirilir. M hüceyrələri bütün nazik bağırsaq boyunca yerləşdiyi üçün mikrokapsulyasiya olunmuş dəmirin absorbsiyası nazik bağırsağın bütün uzunluğu boyunca baş verir və dəmir ionlarının yüksək biomənimsənilməsini və effektivliyini təmin edir. Absorbsiya olmuş dəmir pirofosfat qaraciyərdə qoruyucu təbəqədən azad olur, sonra transferrin zülalı ilə birləşir və sümük iliyində hemoqlobin sintezi üçün istifadə olunur və ya ferritin ilə birləşərək qaraciyərdə depolaşır. Absorbsiya olunmamış dəmir nəcislə xaric olur. Mikrokapsulyasiya olunmuş dəmir mədənin selikli qişası ilə təmas olmur, mədəni qıcıqlandırmadan və həzm traktına zərər vermədən hədəf orqanlara çatdırılır. Fol turşusu B qrupu vitaminlərinə aid, orqanizmdə bağırsaq mikroflorası tərəfindən sintez olunan, müxtəlif metabolik proseslərin (o cümlədən purinlərin və nuklein turşularının timidilatlarının biosintezi) kofermenti olan tetrahidrofolatın sələfidir. Fol turşusu bağırsaq və qaraciyər hüceyrələrində, həmçinin digər orqanlarda metabolizmə uğrayır. Əmələ gəlmiş folatlar zülallar ilə birləşərək bütün orqanlara nəql olunur. В12 vitamini ilə birlikdə qanyaranma prosesini, qismən eritropoezi stimulə edir, qırmızı qan hüceyrələrinin normal inkişafı, o cümlədən meqaloblastların əmələ gəlməsi və yetişməsi, həmçinin normoblastların əmələ gəlməsi üçün vacibdir. Aminturşuların (o cümlədən metionin, serin, qlisin və histidin), nuklein turşularının, purinlərin, pirimidinlərin sintezində, qaraciyərdə xolin mübadiləsində iştirak edir, piy infiltrasiyasının qarşısını alır. Hamiləlik zamanı fol turşusu orqanizmi teratogen faktorların təsirindən qoruyur, embrionun sinir sisteminin normal formalaşmasında mühüm rol oynayır, sinir borusunun inkişaf qüsurlarının yaranmasının qarşısını alır. B12 vitamini eritropoezdə mühüm rol oynayan purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metionin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir. Fol turşusu ilə kombinasiyada makrositar anemiyanın qarşısını alır. C vitamini (askorbin turşusu) orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Askorbin turşusu dəmirin absorbsiyasını gücləndirir və biomənimsənilməsinin artırılmasına kömək edir. Oksidləşmə-reduksiya reaksiyalarında, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı dözümlülüyünü artırır. Karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi və immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.
İstifadəsinə göstərişlər
- Aşkar gedən defisit anemiyalar (dəmir, fol turşusu və B12 vitamini defisitli anemiyalar)
- Latent (anemiya ilə müşayiət olunmayan) dəmir çatışmazlığı
- İntensiv böyümə dövründə (uşaqlarda və yeniyetmələrdə, həmçinin reproduktiv yaşda olan qadınlarda) dəmirə olan tələbatın artması (dəmir çatışmazlığının profilaktikası)
- Hamiləlik (ikinci və üçüncü trimestrində), laktasiya dövründə, qan donorluğu, hemodializ, aşağı kalorili, vegetarian və qeyri-balanslaşdırılmış qidalanma zamanı, yaşlılıq dövründə dəmirə olan tələbatın artması (dəmir çatışmazlığının profilaktikası)
- Xronik qanitirmələr (mədə-bağırsaq, sidik kisəsi, hemorroidal, burun və uşaqlıq qanaxmaları)
- Qurd xəstəlikləri (helmintozlar) nəticəsində yaranan anemiyalar
- Müştərək dəmir-fol turşusu-B12 vitamini çatışmazlığı (infeksiyalar, xroniki alkoqolizm ilə əlaqədar)
- Cərrahi əməliyyatlardan sonrakı dövrdə, kəskin infeksion xəstəliklər, xroniki xəstəliklər, zərərli ekoloji
faktorların təsirləri nəticəsində yaranan anemiyalar
-Müxtəlif dərman preparatlarının (asetilsalisil turşusu və digər QSİƏP-lar, antikoaqulyantlar, hormonal, psixotrop, oral kontraseptiv və qıcolma əleyhinə) uzunmüddətli qəbulu zamanı yaranan anemiyalar.
Əks göstərişlər: -Preparatın tərkibində olan maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. -Dəmirin mənimsənilməsinin pozulması (məsələn, qurğuşun anemiyası, sideroaxrestik anemiya, talassemiya). -Müntəzəm olaraq tələb olunan qan köçürülməsi. -Orqanizmin həddən artıq dəmirlə yüklənməsi (məsələn, hemosideroz, hemoxromatoz). -Dəmir, fol turşusu və B12 vitamini çatışmazlığı ilə əlaqədar olmayan anemiya (məsələn, hemolitik anemiya, aplastik anemiya). -Ağır qaraciyər və/və ya böyrək çatışmazlığı.
İstifadə qaydası və dozası
1 ml (20 damcı) məhlulda 25 mq, 1 damcıda isə 1,25 mq elementar dəmir (Fe3+) vardır.
Profilaktik doza 1 mq/kq/günə, müalicəvi doza 2-4 mq/kq/günə elementar dəmirin miqdarına müvafiq olaraq hesablanır. Preparatın gündəlik müalicəvi dozası dəmir çatışmazlığının dərəcəsindən asılıdır və həkim tərəfindən fərdi olaraq müəyyən olunur.
İstifadə qaydası: Daxilə qəbul edilir. Gündəlik doza bir neçə qəbula bölünə və ya bir dəfəyə qəbul edilə bilər. Tempiron yemək zamanı və ya yeməkdən dərhal sonra qəbul edilir. Damcılar meyvə və tərəvəz şirələri və ya uşaq qidası və ya qeyri-spirtli içkilər ilə qarışdırılaraq istifadə edilə bilər. Qarışığın bir qədər rənglənməsi şirənin/uşaq qidasının dadına və ya preparatın effektivliyinə təsir göstərmir.
Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
Dəmirə artmış tələbat zamanı dəmir çatışmazlığının profilaktikası (Müalicə müddəti təxminən 1-2 ay).
4 yaşa qədər uşaqlar: 4-8 damcı (5-10 mq elementar dəmir)/gün
4-7 yaş arası uşaqlar: 10 damcı (12,5 mq elementar dəmir)/gün
7-14 yaş arası uşaqlar: 15 damcı (18,75 mq elementar dəmir)/gün
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 20 damcı (25 mq elementar dəmir)/gün
Anemiya ilə müşayiət olunmayan dəmir çatışmazlığı (latent dəmir çatışmazlığı). Müalicə müddəti təxminən 1-2 ay təşkil edir.
4 yaşa qədər: 8-12 damcı (10-15 mq dəmir)/gün
4-7 yaş arası uşaqlar: 12-20 damcı və ya 0,6-1 ml (15-25 mq dəmir)/gün
7-14 yaş arası uşaqlar: 20-40 damcı və ya 1-2 ml (25-50 mq dəmir)/gün
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 40-80 damcı və ya 2-4 ml (50-100 mq dəmir)/gün
Dəmir defisitli anemiya (müalicə hemoqlobinin normal səviyyəsi əldə olunanadək aparılır və müddəti təxminən 3-5 ay təşkil edir. Sonra isə dəmir ehtiyatının bərpası məqsədi ilə müalicə anemiya ilə müşayiət olunmayan dəmir çatışmazlığı üçün nəzərdə tutulan dozada ən azı daha 1 ay davam etdirilir).
4 yaşa qədər: 12-20 damcı və ya 0,6-1 ml (15-25 mq dəmir)/gün
4-7 yaş arası uşaqlar: 20-40 damcı və ya 1-2 ml (25-50 mq dəmir)/gün
7-14 yaş arası uşaqlar: 40-80 damcı və ya 2-4 ml (50-100 mq dəmir)/gün
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 80-240 damcı və ya 4-12 ml (100-300 mq dəmir)/gün
Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
Buraxılış forması: Daxilə qəbul üçün damcı, damcıladıcı-pipet ilə təchiz olunmuş tünd rəngli şüşə flakonda.
İstehsalçı: Inalme s.r.l, İtaliya.