top of page
Сортировка Медицина

TEMPAZİT

örtüklü tabletlər

tampazit.png
brochure.png

Beynəlxalq patentləşdirilməmiş adı: Azithromycin

 

Tərkibi

Təsiredici maddə:  1 tabletin tərkibində 500 mq azitromisinə ekvivalent miqdarda azitromisin dihidrat

                    vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium laurilsulfat, jelatinləşdirilmiş nişasta (nişasta 1500),

                    kroskarmelloza natrium, natrium qlukolat nişastası (A tipi), mikrokristallik sellüloza

                    (PH 102), təmizlənmiş talk, maqnezium stearat, ağ rəngləyici SC-SP 3180,

                    təmizlənmiş su.

Təsviri

Ağ və ya ağabənzər rəngli, uzunsov, hər iki tərəfi qabarıq, bir tərəfində “500” işarəsi, digər tərəfi hamar olan örtüklü tabletlərdir.

 

Farmakoterapevtik qrupu

Sistem istifadə üçün antibakterial vasitə. Makrolidlər.

ATC-kodu: J01FA10...

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Azitromisin, makrolid antibiotiklərin azalid qrupuna aid, geniş təsir spektrinə malik olan dərman vasitəsidir. Bakterial ribosomların 50S subvahidi ilə birləşərək peptidlərin translokasiyasının qarşısını alır və həssas mikroorqanizmlərin protein biosintezini tormozlayır... Nuklein turşusu sintezinə təsir etmir.

In vitro tədqiqatlarda azitromisinin 1 saatlıq inkubasiyasından sonra faqosit hüceyrələri ilə fibroblast hüceyrələrdə qatılaşaraq hüceyrə daxilindəki konsentrasiyasını hüceyrə ətrafı ilə müqayisədə 30 qat (və daha çox) artırmışdır.

Faqositlərə olan yüksək affinliyi sayəsində in vivo qəbulu zamanı dərmanın infeksiyalaşmış toxumalara daha yaxşı nəql olunduğu müşahidə edilir.

Azitromisin müxtəlif qrammüsbət və qrammənfi mikroorqanizmlərə, anaeroblara, hüceyrədaxili və klinik atipik patogenlərə qarşı aktivdir. İn vitro şəraitdə həssas mikroorqanizmlər:

Aerob qrammüsbət bakteriyalar: Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus spp. (C, F və G qrupuna aid olan), Streptococcus agalactiae, Streptococcus viridans, Staphylococcus aureus.

Aerob qrammənfi bakteriyalar: Heamophilus ducreyi, Heamophilus influenzae, Moraxella catarrhalis, Bordetella pertussis, Bordetella parapertussis, Legionella pneumophila, Helicobacter pylori, Campylobacter jejuni, Neisseria gonorrhoeae, Gardnerella vaginalis, Pasteurella multocida.

Anaerob bakteriyalar: Bacteroides bivius, Clostridium perfringens, Peptostreptococcus spp.

Azitromisin, həmçinin Chlamydia trachomatis, Chlamydia pneumoniae, Mycoplasma pneumoniae, Ureaplasma urealyticum, Treponema pallidum, Borrelia burgdorferi qarşı da aktivdir.

Farmakokinetikası

Sorulması

Azitromisin daxilə qəbuldan sonra mədə-bağırsaq traktından tez sorulur.

Bu, onun turş mühitə qarşı davamlılığı və lipofılliyi ilə əlaqədardır. 500 mq birdəfəlik dozada qəbuldan sonra biomənimsənilməsi təxminən 37% (34-52%; qaraciyərdən “ilk keçid” effekti) təşkil edir.

Paylanması

Plazma zülalları ilə birləşməsi 7-50% təşkil edir.

Azitromisinin plazma konsentrasiyasından asılı olaraq zərdabda 0,5 μq azitromisin/ml-də 12%, 0,05 μq azitromisin/ml-də isə 52%-ə kimi dəyişir. Tarazlıq vəziyyətində paylanma həcmi (Vd) 31,1 l/kq təşkil edir.

Toxuma və mayelərə penetrasiyası

Daxilə qəbuldan sonra orqan və toxumalara yaxşı penetrasiya edir (geniş şəkildə paylanır). Toxumalarda və hüceyrələrdə konsentrasiyası plazmadakı səviyyəsindən nəzərəçarpacaq dərəcədə yüksəkdir (10-50 dəfə), bu da onun toxumalara sıx birləşdiyini göstərir. Azitromisin asanlıqla histohematoloji baryerlərdən keçir, tənəffüs yollarına, sidikçıxarıcı yollarına, cinsiyyət orqanlarına və toxumalarına (o cümlədən prostat vəziyə), dəri və yumşaq toxumalara yaxşı nüfuz edir. Faqositlər (polimorfnüvəli leykositlər və makrofaqlar) tərəfindən infeksiya ocağına çatdırılır və burada bakteriyaların iştirakı ilə azad olur. Hüceyrələrdə yüksək konsentrasiyalarda (hüceyrə membranlarından asanlıqla nüfuz edir) toplanması hüceyrədaxili törədicilərin məhv edilməsi və eliminasiyası üçün çox vacibdir.

Sübut edilmişdir ki, azitromisinin infeksiya ocaqlarındakı konsentrasiyası sağlam toxumalardakına nisbətən 24-34% daha yüksəkdir və iltihab prosesin şiddətindən asılı olaraq dəyişir. Azitromisin faqositlərdə yüksək konsentrasiya yaratdığına baxmayaraq, onların funksiyasına əsaslı təsir göstərmir. Preparat iltihab ocağında bakterisid konsentrasiyasını sonuncu dozadan sonrakı 5-7 gün ərzində saxlayır, bu da 3 və 5 günlük qısa müalicə kursunun aparılmasına imkan verir.

Metabolizmi

Qaraciyərdə qeyri-aktiv metabolitlərin əmələ gəlməsi ilə metabolizmə uğrayır (demetilləşdirilir). Azitromisinin metabolizmində CYP3A4, CYP3A5, CYP3A7 izofermentləri iştirak edirlər. Plazma klirensi – 630 ml/dəq: qəbuldan sonrakı 8 ilə 24 saat arasında yarımparçalanma dövrü (t½) 14-20 saat, 24 ilə 72 saat arasındakı intervalda isə 41 saat təşkil edir ki, bu da preparatı sutkada 1 dəfə qəbul etməyə imkan yaradır.

Xaric olması

Azitromisinin yarımxaricolma dövrü 68-72 saat təşkil edir.

Qəbul edilən dozanın 50%-dən çox hissəsi dəyişilməmiş şəkildə bağırsaqdan, 6%-i böyrəklərlə xaric olur. Qida qəbulu azitromisinin farmakokinetikasını əhəmiyyətli dərəcədə dəyişir – Cmax 31% artır, AUC dəyişmir. Yaşlı kişilərdə (65-85 yaş) farmakokinetik göstəricilər, qadınlarda isə Cmax 30-50% artır.

 

İstifadəsinə göstərişlər

Azitromisinə həssas mikroorqanizmlər tərəfindən törədilmiş infeksion-iltihabi xəstəliklərin müalicəsində göstərişdir:

  • Yuxarı tənəffüs yollarının infeksiyaları (tonzillit, faringit, sinusit).

  • Penisillinə qarşı allergiya olduqda, Streptococcus pyogenes tərəfindən törədilən faringit və tonzillit.

  • Aşağı tənəffüs yollarının infeksiyaları (bronxit, traxeit, bakterial və atipik pnevmoniyalar)...

  • Orta qulaq infeksiyaları (kəskin orta otit).

  • Dəri və yumşaq toxumaların infeksiyaları (orta ağırlıq dərəcəli sızanaqlar (acne vulgaris), qızılyel, abses, impetiqo, furunkul, "xroniki miqrasiya edən qızartı" (erythema migrans, Laym xəstəliyinin ilkin mərhələsi), ikincili piodermiya).

  • Chlamydia trachomatis ilə törədilmiş cinsi yolla ötürülən xəstəliklər (ağırlaşmamış uretrit və servisit).

  • Yumşaq toxumaların Haemophilus ducreyi ilə törədilmiş xorası.

  • Neisseria gonorrhoeae ilə törədilmiş cinsi yolla ötürülən xəstəliklər (digər yanaşı infeksiya olmadan).

  • Mədə və 12-barmaq bağırsağın Helicobacter pylori ilə əlaqəli xəstəlikləri.

 

Əks göstərişlər

Azitromisinə və ya makrolid qrupundan digər antibakterial vasitələrə (məsələn, eritromisin, klaritromisin), həmçinin tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq (allergik reaksiyalardan dəri səpgisi və xırıltılar yarana bilər).

Ağır qaraciyər çatışmazlığı.

Erqotamin (miqren müalicəsində istifadə edilir) kimi çovdar mahmızı alkaloidləri törəmələrinin qəbulu.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Aşağıdakı hallarda preparatı ehtiyatla istifadə etmək lazımdır:

• böyrək xəstəlikləri;

• ürək xəstəlikləri;

• epidemiya xarakteri daşıyan infeksion xəstəliklər;

• bakteriyaların və ya bakterial toksinlərinin qana keçməsi (septisemiya) diaqnozu və ya şübhəsi;

• yataq xəstəliyi;

• yaşlı və zəif pasiyentlər;

• digər ciddi xəstəliklər (immun sisteminin çatışmazlığı və ya anadangəlmə aspleniya (dalağın olmaması)/cərrahi müdaxilə yolu ilə dalağın çıxarılması (aspleniya) vəziyyəti və s.);

• qaraciyər xəstəlikləri;

• digər antibakterial vasitələrdə olduğu kimi, zəifləmiş pasiyentlərdə ikincili infeksiyanın (göbələklər daxil olmaqla preparata həssas olmayan mikroorqanizmlər tərəfindən törədilmiş) yaranması riski;

• ishal.

Yuxarıda qeyd edilən hallardan hər hansı biri baş verdikdə həkimə müraciət edin.

Ehtiyat tədbirləri

Ürək keçiriciliyinin pozulması: Makrolidlər QT intervalının uzanmasına və mədəcik aritmiyalarına (torsade de pointes daxil olmalqa) səbəb ola bilər. Uzunmüddətli ürək repolyarizasiyası olan xəstələrdə ehtiyatla istifadə edilməlidir.

Allergik reaksiyalar: Makrolidlər Kvinke ödemi (angionevrotik ödem) və ya anafilaksiya kimi ciddi allergik reaksiyalara (nadir hallarda ölümlə nəticələnən) səbəb ola bilər.

Superinfeksiya: Digər antibakterial vasitələrdəki kimi, azitromisindən istifadə zamanı və ya müalicədən sonra Clostridium difficile ilə assosiasiya olunmuş diareya (CDAD) yarana bilər.

Qaraciyər çatışmazlığı: Azitromisin əsasən qaraciyər vasitəsilə xaric olunduğu üçün qaraciyər çatışmazlığı olan pasiyentlərdə çox ehtiyatla istifadə edilməlidir.

Böyrək çatışmazlığı: Böyrək funksiyasının ağır dərəcəli pozğunluğu (yumaqcıq filtrasiyasının sürəti (YFS) <10 ml/dəq) olan xəstələrdə preparat ehtiyatla təyin edilməlidir.

Streprokok infeksiyaları: Adətən Streptococcus pyogenes tərəfindən törədilən faringitin və tonzillitin müalicəsi üçün, həmçinin revmatik qızdırmanın profilaktikası üçün ilk seçim preparatı penisillindir. Lakin, azitromisin faringitin və tonzillitin müalicəsində müvəffəqiyyətlə istifadə olunur.

Kəskin orta otit, sinusit: Azitromisin kəskin orta otitin və sinusitin müalicəsi üçün ilk seçim preparatı olmasada müvəffəqiyyətlə istifadə olunur.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Makrolidlər diqoksin, teofillin, triazolam, fenitoin, karbamazepin, metilprednizolon, siklosporin və heksobarbital kimi preparatların plazma səviyyəsini artıra bilər; onların azitromisinlə birgə tətbiqi zamanı monitorinq aparılması yaxşı olardı, hərçənd ki, azitromisinin yuxarıda göstərilən dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumatlar yoxdur.

Antasidlər: Alüminium və maqnezium tərkibli antasidlər azitromisinin plazmadakı maksimal konsentrasiyasını azaldır, lakin “konsentrasiya-zaman” əyrisi altındakı sahə (AUC) dəyişmir. Azitromisin antasidlərin qəbulundan ən azı 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir.

Erqotamin və ya digər çovdar mahmızı alkaloidləri: Azitromisin erqotamin və ya çovdar mahmızının hidrogenləşdirilməmiş alkaloidləri ilə birlikdə istifadəsi zamanı ağır periferik vazospazm ilə xarakterizə olunan ciddi toksik təsirlərin (yuxarı və aşağı ətraflarda uyuşma və ya keyimə hissi, əzələ spazmları, baş ağrısı, qıcolmalar, döş qəfəsində və ya qarın nahiyəsində ağrılar) yaranma riski olduğu üçün eyni vaxtda istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Diqoksin və kolxisin (P-qlikoprotein substratları): Makrolidlər, o cümlədən azitromisin diqoksin və kolxisin kimi P-qlikoprotein substratlarının plazma səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Azitromisinlə müalicə zamanı və müalicənin dayandırılmasından sonra klinik müşahidə və zərdabda diqoksinin səviyyəsinin monitorinqi aparılmalıdır.

Sitoxrom P450 sistemi tərəfindən metabolizə olunan dərmanlar: Azitromisin qaraciyərdə sitoxrom P450 sistemi ilə əhəmiyyətli qarşılıqlı təsirə girmir. Ona görə də, eritromisin və digər makrolidlər üçün məlum qarşılıqlı təsirlər azitromisin üçün gözlənilmir. Azitromisin qaraciyərdə sitoxrom-metabolit kompleksinin köməyi ilə sitoxrom P450 sisteminin induksiyasına və ya inaktivləşməsinə gətirib çıxarmır. Klinik tədqiqatlarda sitoxrom P450 vasitəsilə metabolizə olunan aşağıdakı preparatlarla azitromisin arasında əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməmişdir: atorvastatin, karbamazepin, efavirenz, flukonazol, indinavir, metilprednizolon, midazolam, sildenafil, triazolam, trimetoprim/sulfametoksazol. Bununla belə, bu dərman vasitələrinin azitromisinlə birlikdə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.

Sizaprid: qaraciyərdə CYP3A4 fermenti vasitəsilə metabolizə olunur. Makrolidlər CYP3A4 fermentini inaktivləşdirir; sizapridin yanaşı istifadəsi QT intervalının uzanmasına, mədəcik aritmiyasına, həmçinin mədəciklərin səyirməsinə (titrəməsinə) səbəb ola bilər. Azitromisin sizaprid ilə birlikdə istifadə olunmamalıdır.

Atorvastatin və ya digər statinlər: Azitromisin (500 mq/gün) atorvastatin (10 mq/gün) ilə eyni zamanda istifadə zamanı atorvastatinin plazma konsentrasiyasına təsir göstərməmişdir. Lakin, statinlərlə birgə azitromisin qəbul edən pasiyentlərdə rabdomioliz hadisələri qeydə alınmışdır. 

K vitamini antaqonistləri (varfarin): Makrolidlər qan zərdabında K vitamini antaqonistlərinin maksimal konsentrasiyasını və antikoaqulyant təsirini artıra bilər. Hətta səbəb-nəticə əlaqəsinin olması sübut edilməsə də, protrombin vaxtına nəzarət edilməsi nəzərdən keçirilməlidir. Azitromisin və varfarin birgə qəbulu zamanı ehtiyatlı olmaq lazımdır.

Takrolimus: Makrolidlər qan zərdabında takrolimusun maksimal konsentrasiyasını artıra bilər.

Terfenadin: Azitromisin terfenadin ilə birlikdə ehtiyatla istifadə olunmalıdır.

Siklosporin: Sağlam könüllülər üzərində aparılan farmakokinetik tədqiqatlarda azitromisin 3 gün ərzində hər gün 500 mq peroral dozada, sonra isə siklosporin 10 mq/kq birdəfəlik dozada daxilə qəbul edən pasiyentlərdə siklosporinin Cmax və AUC göstəriciləri əhəmiyyətli dərəcədə artmışdır. Buna görə, bu preparatların birgə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır. Əgər bu preparatların birlikdə istifadəsi zəruridirsə, o zaman siklosporinin səviyyəsinə nəzarət etmək və dozasına müvafiq qaydada düzəliş etmək lazımdır. 

Digər antibiotiklər: Azitromisinlə makrolid antibiotiklər (məs., eritromisin), həmçinin linkomisin, klindamisin arasında parallel rezistentliyin mümkünlüyü nəzərə alınmalıdır. Ona görə də, bu qrupdan olan bir neçə dərman vasitəsinin birlikdə istifadəsi tövsiyə olunmur.

QT intervalını uzadan preparatlar: Azitromisin QT intervalını uzadan preparatlarla (məsələn, IA və III sinfindən antiaritmik vasitələr, üçtsiklik antidepressantlar, flüorxinolonlar, neyroleptiklər) eyni zamanda istifadə edilməməlidir.

Zidovudin və ya nelfinavir: Azitromisin periferik qan dövranının mononuklear hüceyrələrində kliniki aktiv metaboliti olan fosforilləşmiş zidovudinin konsentrasiyasını artıra bilər. Azitromisin ilə nelfinavirin birgə qəbulu arzuolunmaz təsirlərin yaranma riskini artırır.

Rifabutin: Azitromisin və rifabutinin birgə qəbulu zamanı hər iki dərman vasitəsinin plazma konsentrasiyası dəyişməmişdir, lakin pasiyentlərdə neytropeniya (qan hüceyrələrinin sayının azalması) müşahidə edilmişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadə

Hamiləlik zamanı hər hansı dərmanı qəbul etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.

Hamiləlik kateqoriyası: B.

Azitromisin hamilə qadınlarda istifadəsi barədə kifayət qədər məlumatlar yoxdur. Hamiləlik dövründə yalnız zəruri hallarda istifadə edilməlidir.

Müalicə zamanı hamilə olduğunuzu aşkar etsəniz, bu barədə həkiminizi məlumatlandırın.

Laktasiya dövrü

Azitromisinin ana südü ilə xaric olması barədə tam məlumatlar mövcud deyil. Laktasiya dövründə preparatdan istifadə etmək lazımdırsa ana südü ilə qidalandırma müvəqqəti dayandırılmalıdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

 

İstifadə qaydası və dozası

Yalnız daxilə qəbul üçün nəzərdə tutulmuşdur.

Tempazit örtüklü tabletlər tək doza şəklində qida qəbulundan 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilməlidir.

Bədən çəkisi 45 kq-dan çox olan uşaqlar və yeniyetmələr, böyüklər və yaşlılar

Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları, dəri və yumşaq toxumaların infeksiyaları (erythema migrans istisna olmaqla)

Azitromisinin ümumi dozası 1500 mq təşkil edir və 3 gün ərzində gündə 1 dəfə 500 mq (1 tablet) qəbul edilir. Alternativ kimi, ümumi doza beş günə bölünərək (müalicənin birinci günü 500 mq, 2-5-ci günlərində isə 250 mq gündə 1 dəfə) qəbul edilə bilər.

Orta ağırlıq dərəcəli sızanaqlar (acne vulgaris)

Azitromisinin ümumi dozası 6 q təşkil edir və aşağıdakı müalicə sxemi ilə tövsiyə olunur: 3 gün ərzində gündə bir dəfə 500 mq, sonrakı 9 həftə ərzində həftədə bir dəfə 500 mq. İkinci həftənin dozası ilk qəbul edilən tabletdən 7 gün sonra alınmalı və növbəti 8 doza 7 gün intervalı ilə qəbul edilməlidir.

Laym xəstəliyinin ilkin mərhələsi (erythema migrans – “xroniki miqrasiya edən qızartı")

Azitromisinin ümumi dozası 3 q təşkil edir... Müalicənin birinci günü 1000 mq (iki 500 mq-lıq tablet birdəfəlik doza şəklində), 2-5-ci günlərində 500 mq-dan gündə 1 dəfə təyin edilir.

Cinsiyyət orqanlarının Chlamydia trachomatis və həssas Neisseria gonorrhoeae tərəfindən törədilən infeksiyaları (ağırlaşmamış uretrit və servisit) zamanı 1000 mq (iki 500 mq-lıq tablet) birdəfəlik doza şəklində qəbul edilir.

Helicobacter pylori ilə əlaqəli mədə və onikibarmaq bağırsaq xəstəlikləri: 3 gün ərzində 1000 mq (iki 500 mq-lıq tablet) birdəfəlik doza şəklində, kombinə olunmuş müalicənin tərkibində təyin edilir.

Yumşaq toxumaların Haemophilus ducreyi ilə törədilən xorası: 1000 mq (iki 500 mq-lıq tablet) birdəfəlik doza şəklində daxilə qəbul edilir.

S. pyogenes tərəfindən törədilən tonzillit/faringit zamanı 5 gün ərzində, birinci gün 500 mq, sonrakı günlər (2-5-ci günlər) 250 mq-dan təyin edilir.

Müxtəlif yaş qruplarında istifadəsi

Pediatrik xəstələr

Bədən çəkisi 45 kq-dan çox olan uşaqlarda böyüklərdə istifadə edilən doza təyin olunur.

Tonzillit/faringit istisna olmaqla, digər xəstəliklərin müalicəsində tövsiyə olunan maksimal ümumi doza 1500 mq təşkil edir. Tonzillit/faringitin müalicəsində 5 gün ərzində, birinci gün 500 mq, sonrakı günlər (2-5-ci günlər) 250 mq-dan təyin edilir.

Bədən çəkisi 45 kq-dan az olan uşaqlara azitromisinin suspenziya forması təyin edilməlidir.

Yaşlı xəstələr

Yaşlı xəstələrə böyüklər üçün nəzərdə tutulmuş dozada təyin olunur.

Yaşlılarda aritmiyaların yaranmasına risk amilləri olduğu üçün, ürək ritminin pozulması və “piruet” tipli mədəcik taxikardiyasının inkişaf etməsi riski ilə əlaqədar ehtiyatlı olmaq lazımdır.

Böyrək çatışmazlığı olan pasiyentlər

Böyrək funksiyası yüngül və orta dərəcədə pozulmuş pasiyentlərdə (kreatinin klirensi >40 ml/dəq) doza tənzimlənməsinə ehtiyac yoxdur. Ağır böyrək çatışmazlığı (kreatinin klirensi <40 ml/dəq) olan xəstələrdə azitromisini ehtiyatla təyin etmək lazımdır.

Qaraciyər çatışmazlığı olan pasiyentlər

Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlərdə dozalanma nomal qaraciyər funksiyası olan pasiyentlərdə olduğu kimidir. Ağır qaraciyər çatışmazlığı zamanı preparatdan istifadə etmək olmaz.

Preparatın qəbulu unudulduqda

Preparatın qəbulu unudularsa, narahat olmağa dəyməz, həmin dozanı mümkün qədər erkən qəbul etmək olar və bundan sonra preparatın qəbulunu həmişəki qaydada davam etdirmək lazımdır.

Unudulan dozanın əvəzinə ikiqat doza qəbul edilməməlidir.

 

Əlavə təsirləri

Bütün dərmanlar kimi, preparatın tərkibindəki maddələrdən hər hansı birinə qarşı həssas olan şəxslərdə arzuolunmaz əlavə təsirlər ola bilər.

Azitromisin adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Əlavə təsirlər əksər hallarda mülayim, keçici olur. Ciddi arzuolunmaz reaksiyalar çox nadir müşahidə olunur. Müşahidə olunan əlavə reaksiyalar orqan sistemlərinə və rastgəlmə tezliyinə görə aşağıdakı kimi təsnif edilir: çox tez-tez (≥1/10); tez-tez (≥1/100-dən <1/10-dək); bəzən (≥1/1000-dən <1/100-dək); nadir (≥1/10000-dən <1/1000-dək); çox nadir (<1/10000); məlum olmayan tezlikdə (mövcud məlumatlar başvermə tezliyini müəyyən etmək üçün kifayət deyil).

Qanyaradıcı və limfa sisteminə

Nadir: trombositopeniya (periferik qanda trombositlərin sayının azalması), eozinofiliya, yüngül dərəcəli keçici neytropeniya (lakin azitromisinin qəbulu ilə səbəb əlaqəsi təsdiqlənməmişdir).

İmmun sisteminə

Bəzən: angionevrotik ödem.

Məlum olmayan tezlikdə: ağır (bəzən ölümlə nəticələnən) anafilaktik reaksiya, məsələn, anafilaktik şok.

Psixi pozulmalar

Nadir: aqressivlik, narahatlıq, həyəcan, əsəbilik.

Sinir sisteminə

Bəzən: başgicəllənmə (vertiqo), yuxululuq, baş ağrısı, qıcolmalar, disgevziya.

Nadir: paresteziya, asteniya, yuxusuzluq, hiperaktivlik.

Eşitmə orqanına və labirint sisteminə

Nadir: eşitmənin zəifləməsi və ya itirilməsi, qulaqlarda küy.

Ürək-qan damar sisteminə

Nadir: taxikardiya, mədəcik taxikardiyası ilə əlaqəli aritmiya.

Həzm sisteminə

Tez-tez: ürəkbulanma, qusma, diareya, qarın nahiyəsində ağrı, sancı.

Bəzən: meteorizm, dispepsiya, anoreksiya.

Nadir: qəbizlik, dilin rənginin dəyişməsi, psevdomembranoz kolit.

Qaraciyər və ödçıxarıcı yollarına

Nadir: hepatit, xolestatik sarılıq, qaraciyər funksiyasının pozulması.

Məlum olmayan tezlikdə: qaraciyər çatışmazlığı, nadir hallarda ölümlə nəticələnən qaraciyər nekrozu.

Dəri və dərialtı piy toxumasına

Bəzən: səpgi, qaşınma.

Nadir: angionevrotik ödem, övrə, fotohəssaslıq reaksiyaları.

Məlum olmayan tezlikdə: Stivens-Conson sindromu, toksik epidermal nekroliz, multiform ekssudativ eritema.

Sümük-əzələ sisteminə, birləşdirici toxumaya

Bəzən: artralgiya.

Böyrək və sidikçıxarıçı yollarına

Nadir: interstisial nefrit, kəskin böyrək çatışmazlığı.

Cinsi orqanlara və süd vəzilərinə

Bəzən: vaginit.

Ümumi pozulmalar və yerli reaksiyalar

Bəzən: yeridilmə nahiyəsində reaksiyalar (ağrı, qızartı).

Arzuolunmaz effektlər baş verdikdə həkiminizə müraciət edin.

Bu içlik vərəqədə qeyd edilməyən hər hansı əlavə təsir meydana çıxarsa, bu barədə həkiminizə məlumat verin...

 

Doza həddinin aşılması

Simptomları

Makrolid antibiotiklərlə doza həddinin aşılmasının tipik əlamətlərinə eşitmənin geridönən itirilməsi, şiddətli ürəkbulanma, qusma və diareya (ishal) daxildir.

Müalicəsi

Ümumi simptomatik və dəstəkləyici terapiya aparılmalıdır.

 

Buraxılış forması

Örtüklü tabletlər, 500 mq.

3 tablet, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti 

25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

 

İstifadə müddəti

3 il.

Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı

Opes Healtcare Pvt. Ltd., India...

G-203, Shri kabir Enclave, OPP. Homeopathic college, Bopal Ghuma Road, Ghuam, Ahmedabad-380058, Gujarat...

 

Qeydiyyat vəsiqəsinin sahibi

LLC "TEMPUS", Azerbaijan...

Cavadkhan str. 5 micro district, home 11, flat 60, Nasimi dist., AZ 1102 - Baku city, Azerbaijan...                                 

bottom of page