OVUNORM
(Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat vərəqi)
Tərkibi
Təsiredici maddələr: 1 tabletdə 1000 mq mio-inozitol, 50 mq alfa-lipoy turşusu, 0,4 mq fol turşusu, 50 mq koenzim Q10, 20 mq E vitamini, 5 mq sink vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza, kolloidal silisium dioksid, maqnezium stearat.
Farmakoterapevtik qrupu: qadın reproduktiv orqanlarının fəaliyyətini yaxşılaşdıran vasitə.
Farmakoloji xüsusiyyətləri
OVUNORM tərkibində olan komponentlərin xüsusiyyətləri, bioloji aktivliyi və spesifik təsir mexanizminə əsaslanaraq müxtəlif xəstəliklərin kompleks müalicəsində qadın cinsi orqanlarının fəaliyyətini və reproduktiv sağlamlığı yaxşılaşdıran köməkçi vasitə kimi istifadə edilir. OVUNORM hormonal balansı tənzimləyir, yumurtalıqların funksional vəziyyətini yaxşılaşdırır, menstrual tsikli normallaşdırır və müntəzəm ovulyasiyanı bərpa edir, sağlam follikulların inkişafını və oositlərin keyfiyyətini təmin edir, hamiləlik ehtimalını artırır. OVUNORM polikistoz yumurtalıq sindromu (PKYS) olan xəstələrdə oksidləşdirici stresi azaldır, insulin və homosistein səviyyələrini azaldır, hormonal-metabolik disfunksiyanı aradan qaldırır, yumurtalıqların həcmini azaldır və normal fəaliyyətini bərpa edir, fertilliyi artırır. Süni mayalanma və inseminasiyaya hazırlıq mərhələsində ovulyasiyanı stimulə edir, oositlərin keyfiyyətini artırır, mayalanmış yumurtahüceyrələrin endometriuma implantasiyasını təmin edir.
Mio-inozitol, vitaminəbənzər maddə olub, TSH, FSH, insulin kimi bir çox hormonların sintezinin tənzimləməsində, yağ və şəkər mübadiləsində, metabolik proseslərdə və reproduktiv sisteminin fəaliyyətində iştirak edən inozitolfosfatın sələfidir.
Mio-inozitol qadınlarda reproduktiv orqanlarının hormonal-metabolik disfunksiyası zamanı yumurtalıqların fəaliyyətinə moduləedici təsir göstərir və onların nəzarət edilən stimulyasiyasında istifadə olunur. Plazmada lüteinləşdirici hormon (LH), testosteron və prolaktin səviyyəsini aşağı salır, follikulstimuləedici hormonun (FSH) miqdarını artırır, LH/FSH nisbətini azaldır, menstrul tsiklin və ovulyasiyanın bərpasında mühüm rol oynayır. Qan zərdabında ümumi testosteron və prolaktin konsentrasiyasının azalmasına və hiperandrogenizm təzahürlərinin (hirsutizm, sızanaq, artıq bədən çəkisi, seboreya, alopesiya) aradan qaldırılmasına kömək edir.
Mio-inozitol PKYS-nun kompleks müalicəsinin bütün mərhələlərində istifadəsinin effektivliyi sübut edilmişdir. Mio-inozitol toxumaların insulinə həssaslığını artırır, insulinə rezistentliyi və hiperinsulinemiyanı azaldır, skelet əzələləri tərəfindən qlükoza istehlakını stimulə edərək qan və sidikdə şəkər səviyyəsini azaldır; metabolik (triqliserid, xolesterin, aşağı və yuxarı sıxlıqlı lipoproteinlər, arterial təzyiq) və hormonal parametrləri (LH, testosteron, FSH, LH/FSH nisbəti) normallaşdırır, bədən çəkisinin azalmasına kömək edir, yumurtalıqların həcmini azaldır və funksiyasını yaxşılaşdıraraq menstrual tsikli və spontan ovulyasiyanı bərpa edir, fertilliyi (hamiləlik ehtimalı) artırır; metabolik sindromunun (II-ci tip şəkərli diabet, prediabet, piylənmə) inkişaf riskini azaldır. Mio-inozitol qəbul etmək (xüsusilə artıq çəkisi olan qadınlarda) hamiləlik zamanı hestasion diabetinin inkişaf riskini əhəmiyyətli dərəcədə azaltmağa, həmçinin embrionu gələcəkdə diabet inkişafından qorumağa, erkən doğuşların və artıq çəki ilə doğulan uşaqların sayını azaltmağa kömək edir.
Mio-inositol EKM (süni mayalanma) və inseminasiyaya hazırlıq mərhələsində kompleks müalicəyə daxil edilməsi, ovulyasiyanı stimulə edir, oositlərin daha mükəmməl yetişməsini və keyfiyyətininin artırılmasını təmin edir, yaxşı inkişaf etmiş embrionların sayını artırmağa imkan verir, mayalanmış yumurtaların endometriuma implantasiyasına təsir göstərir və EKM və inseminasiyanın klinik nəticələrini yaxşılaşdırır.
Alfa-lipoy turşusu vitaminəbənzər, endogen olaraq sintez olunan, koenzim funksiyalı antioksidant maddədir. Mübadilə nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdıraraq hüceyrələri zədələnmədən qoruyur. Alfa-lipoy turşusu hipolipidemik, hipoxolesterinemik, hipoqlikemik, hepatoprotektor təsirlərə malikdir. Qaraciyərdə qlikogen sintezini artırır, qanda qlükozanın səviyyəsini aşağı salır, insulinə rezistentliyi azaldır, xolesterin mübadiləsini stimulə edir. Alfa-lipoy turşusu orqanizmin metabolizm məhsulu olmaqla yanaşı, bir sıra metabolik proseslərdə iştirak edir. Yumurtalıq follikullarının inkişafını yaxşılaşdırır və insulinə həssaslığı artırır.
E vitamini (tokoferol) toxuma regenerasiyasını sürətləndirir, hüceyrə arası maddələrin, birləşdirici toxumanın kollagen və elastik liflərinin formalaşmasında, zülalların və qonadotrop hormonların biosintezində iştirak edir. E vitamini antioksidant, antiaterogen, antitrombotik, antiproliferativ, immunomoduləedici təsirlər göstərir.
E vitamini reproduktiv proseslər (mayalandırma, dölün inkişafı, cinsi sisteminin formalaşması və fəaliyyəti) üçün əhəmiyyətli rola malikdir. Hipofizin fəaliyyətinə təsir etməklə qonadotrop hormonlar olan FSH və LH-ın sintezində iştirak edir, normal menstrual tsikli təmin edir, uşaqsalmaya meyilliyi azaldır. Tokoferol, sonsuzluğun müalicəsində istifadə olunan vacib faktordur. Yumurtahüceyrələrinin yetişmə prosesinə və ovulyasiyaya təsir edir, ruşeymi uşaqlıq boşluğunun divarına sirayət etməsinə hazırlayır. E vitamini toxumalarda oksigen sərfiyyatını artırır. Angioprotektiv təsirə malikdir, damar divarlarını möhkəmləndirir, damarları tonuslandırır və genişləndirir, qanı duruldur, laxtalanmanın qarşısını alır, periferik qan dövranını yaxşılaşdırır. Qan plazmasında lipidlərin səviyyəsini normallaşdırmaqla xolesterin sintezini inhibə edir. İnsan orqanizmində maddələr mübadiləsinin normada saxlanmasında və zədələnmələrdən qorunmasında vacib rol oynayır.
Sink, reproduktiv sisteminin bir çox hissəsinin normal inkişafı və fəaliyyəti üçün vacib faktordur. Bu mikroelement immun sisteminin formalaşması və fəaliyyəti, cinsi yetkinlik, böyümə və inkişaf, dərinin sağlamlığı, saç və dırnaqların inkişafı, yaraların sağalması, qalxanabənzər vəzinin və sinir sisteminin fəaliyyəti üçün zəruridir. Antioksidant xüsusiyyətləri sayəsində oksidativ stresi azaldır. Sink mədəaltı vəzi hormonu olan insulinin tərkibinə daxildir, toxumaların insulinə həssaslığını artırır, qanda şəkərin miqdarını tənzimləyir. Sink defisiti mədə-bağırsaq traktında, reproduktiv orqanlarda, dəridə və sinir sistemində bir sıra ağır patologiyalara, cinsi inkişafın ləngiməsinə, erkən hamiləlik düşüklərinə səbəb olur.
Qadın orqanizmində mineralın reproduktiv sağlamlıq üçün əhəmiyyəti danılmazdır: mayalanma üçün oositlərin yetişməsini təmin edir və keyfiyyətini artırır; uyğun follikulyar maye səviyyəsini təmin edir və mayalanmış yumurtanın uşaqlıq (fallop) borularından nəqlini və uşaqlığa keçməsini təmin edir; qonadotrop hormonların (FSH, LH) sintezini və sekresiyasını normallaşdırır, hormonal balansı nizamlayır. Menstrual tsiklin bütün mərhələlərində hormonların (estrogen, progesteron və testosteron kimi) sabit səviyyələrinin qorunmasını təmin edir.
Fol turşusu (folat) və ya B9 vitamini 13 əvəzolunmaz vitaminlərdən biridir - insan orqanizmində istehsal olunmur və yalnız kənardan qəbul olunur. Fol turşusu müxtəlif metabolik proseslərin kofermenti olan tetrahidrofol turşusunun sələfidir, insan orqanizmində bütün hüceyrələrin fizioloji bölünməsini və normal böyüməsini təmin edir, maddələr mübadiləsində iştirak edir, bir çox funksiyaları yerinə yetirir, həmçinin maddələr mübadiləsinin toksiki məhsullarının zərərşizləşdirilməsi üçün vacibdir. Aminturşuların (o cümlədən metionin, serin, qlisin və histidin), nuklein turşularının, purinlərin, pirimidinlərin sintezində, qaraciyərdə xolin mübadiləsində iştirak edir, piy infiltrasiyasının qarşısını alır. Orqanizmin folatlara tələbatı xüsusilə hamiləlik dövründə artır. Folatlar hamiləlik dövründə orqanizmi teratogen faktorların təsirindən qoruyur, ciftin normal yetişməsini və fəaliyyətini təmin edir, embrionun sinir sisteminin normal formalaşmasında mühüm rol oynayır, sinir borusunun inkişaf qüsurlarının yaranmasının qarşısını alır. Folatlar qadın sağlamlığının qorunmasında mühüm rol oynayır: qadınlarda hormonal fonu tənzimləyir, premenstrual sindromunun yüksək qıcıq hissi, ağlağanlıq, yuxu pozğunluqları, apatiya kimi simptomlarının azalmasını təmin edir, həmçinin menopauzanın yaranmasını geciktirir.
Koenzim Q10 (ubixinon) endogen mənşəli vitaminəbənzər birləşmə olub, hər bir canlının qaraciyərində istehsal olunur. “Cavanlıq vitamini” adlanır. Əsas funksiyası orqanizmin həyat fəaliyyəti üçün vacib olan ATF sintezində iştirak etməsidir. Koenzim Q10 təbii yağda həll olan antioksidantdır. Orqanizmin antioksidant funksiyasının 71%-ni yerinə yetirir və sərbəst radikalların mənfi təsirindən mühafizə edərək, hüceyrə membranının tamlığını qoruyur. Qanda aşağı sıxlıqlı lipoproteinlərin və triqliseridlərin miqdarını azaldır, antiaterosklerotik təsir göstərir. Güclü təbii immunmodulyator olub, immun sisteminin funksional çatışmazlığını tez və effektiv bərpa edir, orqanizmin antimikrob və virus əleyhinə müdafiəsini aktivləşdirir. Kişilərdə spermanın keyfiyyətini artırır, qadınlarda yumurtahüceyrələrin sayının və keyfiyyətinin azalmasının qarşısını alır, hamiləlik ehtimalını artırır. İnsulinə həssaslığı artırır və qanda qlükoza səviyyəsinin normallaşdırılmasına kömək edir.
İstifadəsinə göstərişlər
Yumurtalıqların hormonal-metabolik disfunksiyasının kompleks müalicəsinin tərkibində qadın reproduktiv orqanlarının fəaliyyətini yaxşılaşdıran vasitə kimi:
-
Süni mayalanma (EKM) və inseminasiya mərhələsinə hazırlıq dövrü (ovulyasiyanın stimulyasiyası və oositlərin keyfiyyətinin artırılması məqsədilə)
-
Polikistoz yumurtalıq sindromu (PKYS)
-
Yumurtalıqların tükənmə sindromu (YTS - funksiyasının vaxtından qabaq tükənməsi)
-
Menstrual tsiklin pozulması, anovulyasiya (o cümlədən, kontraseptivlərin uzun müddət istifadəsi zamanı meydana çıxan ovulyasiyanın pozulması)
-
Oliqo- və amenoreya (o cümlədən insulinə rezistentlik, prediabet və II-ci tip şəkərli diabet zamanı)
-
Hiperandrogeniya sindromu (hirsutizm, akne, seboreya, piylənmə)
-
Cinsi aktivliyin ve fertilliyin azalması
-
Menopauza (klimaks) ilə əlaqədar hormonal dəyişikliklər
Əks göstərişlər: preparatın hər hansı komponentinə qarşı fərdi yüksək həssaslıq.
İstifadə qaydası və dozası
1 tablet gündə 2 dəfə yeməkdən sonra bol maye ilə qəbul edilir. Qısa zamanda effekt almaq üçün 2 tabletdən gündə 2 dəfə qəbul oluna bilər. Qəbul qaydası və müalicə müddəti həkim tərəfindən tənzimlənə bilər.
Əlavə təsirləri
Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslıq müşahidə oluna bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: Məlum deyil.
Xüsusi ehtiyat tədbirləri
Həkim təyinatı olmadan tövsiyə edilən sutkalıq dozanı keçməyin. Ovunorm normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması
Ovunorm, №30 tablet. 2 blister (15x2) içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılır.
Saxlanma şəraiti
25°С-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı
ValueMed Pharma S.r.L., San Marino (İtaliya).
Ovunorm dərman vasitəsi deyildir!