top of page
Сортировка Медицина

METİFOL     400 mkq tabletlər

Fol turşusu çatışmazlığının müalicə və profilaktikası üçün vasitə

metifol.png
brochure.png

Tərkibi 
Təsiredici maddə: 1 tabletin tərkibində 400 mkq L-5-metiltetrahidrofolat (L-metilfolat kalsium duzu şəklində) vardır. 
Köməkçi maddələr: mikrokristallik sellüloza, kolloidal silisium, maqnezium stearat.

Məhsul haqqında məlumat
Metifol tabletlərin tərkibində olan L-5-MTHF (L-metilfolat) insan qanında aşkar olunan fol turşusunun üstünlük (98% folat) təşkil edən təbii və bioloji aktiv formasıdır. Folat və ya B9 vitamini 13 əvəzolunmaz vitaminlərdən biridir - insan orqanizmində istehsal olunmur və yalnız kənardan qəbul olunur. L-metilfolat fol turşusundan fərqli olaraq aktivləşmək üçün fermentlərin təsirinə məruz qalmır və qəbulundan sonra bilavasitə folat tsiklinə qoşulur. Tetrahidrofolat müxtəlif metabolik proseslərin kofermenti olan tetrahidrofol turşusunun sələfidir, insan orqanizmində bütün hüceyrələrin fizioloji bölünməsini və normal böyüməsini təmin edir, maddələr mübadiləsində iştirak edir, bir çox funksiyaları yerinə yetirir, həmçinin maddələr mübadiləsinin toksiki məhsullarının zərərşizləşdirilməsi üçün vacibdir. Aminturşuların (o cümlədən metionin, serin, qlisin və histidin), nuklein turşularının, purinlərin, pirimidinlərin sintezində, qaraciyərdə xolin mübadiləsində iştirak edir, piy infiltrasiyasının qarşısını alır.
Orqanizmin folatlara tələbatı xüsusilə hamiləlik dövründə artır. Folatlar hamiləlik dövründə orqanizmi teratogen faktorların təsirindən qoruyur, ciftin normal yetişməsini və fəaliyyətini təmin edir, embrionun sinir sisteminin normal formalaşmasında mühüm rol oynayır, sinir borusunun inkişaf qüsurlarının yaranmasının qarşısını alır. Folat səviyyəsi hamiləlik planlaşdıran bütün qadınlar üçün çox vacibdir, onun qəbulu mayalanmadan bir neçə ay əvvəl tövsiyyə olunur. Bu, dölün onurğa və baş beynin formalaşmasında iştirak edən sinir borusunun inkişafında böyük rol oynayır, həmçinin hüceyrə bölümünü stimulə edir və embrionun digər orqanlarının düzgün inkişafına kömək edir. Sinir borusunun bünövrəsi mayalanmanın ilk günlərindən qoyulur. Hamiləlik zamanı folat çatışmazlığı ilk növbədə dölün sinir sisteminə mənfi təsir edir. Nəticədə döldə sinir borusunun defektlərinə və gələcəkdə hidrosefaliya, anensefaliya (baş beynin olmaması), beyin yırtığı, onurğanın parçalanması (“spina bifida”) və s. ciddi qüsurlar inkişaf edə bilər. Həmçinin, folat çatışmazlığı əqli və fiziki inkişafın ləngiməsinə səbəb olur. Bundan əlavə, hamiləlik dövründə B9 vitaminin çatışmazlığı qadınlarda hamiləlik hestozu, inkişafdan qalmış (donmuş) hamiləlik, düşük (uşaqsalma), cift çatışmazlığı və qopması, vaxtından əvvəl doğuş, anemiya,  körpədə isə "dovşan dodaq", "qurd ağız", ürək-damar qüsurlarının yaranması ilə təhlükəlidir. Folatlar qadın sağlamlığının qorunmasında mühüm rol oynayır: qadınlarda hormonal fonu tənzimləyir, premenstrual sindromunun yüksək qıcıq hissi, ağlağanlıq, yuxu pozğunluqları, apatiya kimi simptomlarının azalmasını təmin edir, həmçinin menopauzanın yaranmasını geciktirir. L-metilfolat, qanda homosistein səviyyəsinin normallaşmasında iştirak edir (homosistein miqdarının yüksəlməsi damar divarlarının zədələnməsinə və aterosklerozun inkişafına səbəb olur). Böyüklərdə fol turşusunun defisiti infarkt, insult, onkoloji xəstəliklərin, anemiyanın yaranmasına səbəb ola bilər. Fol turşusu sinir sistemində noradrenalin və serotonin neyromediatorların balansı üçün də zəruridir (noradrenalin gümrahlığı, serotonin isə sağlam yuxunu və yüksək əhval-ruhiyyəni qorumağa kömək edir). Folat В12 vitamini ilə birlikdə qanyaranma prosesində iştirak edir, eritropoezi stimullaşdırır, meqaloblastların normal yetişməsi və normoblastların əmələ gəlməsi üçün vacibdir. Folat çatışmazlığı əsas qanyaradıcı orqanı olan sümük iliyinə mənfi təsir göstərir və meqaloblast (makrositar) anemiyanın inkişafına səbəb olur. 
Folat çatışmazlığı selikli qişalarda xoraların yaranmasına, həzm pozğunluqlarına və bağırsaq infeksiyalarına səbəb ola bilər. L-5-MTHF (L-metilfolat) kalsium duzu folatın bioloji ən aktiv formasıdır. Orqanizmdə kalsium L-metilfolat kalsium ionlarına və 5-MTHF-yə parçalanır. Metabolik cəhətdən aktiv bir maddə olduğu üçün fol turşusundan fərqli olaraq daha yaxşı mənimsənilir, qan plazmasında daha yüksək konsentrasiyada toplanır və daha tez təsir göstərir. Tam mənimsənilməsi üçün əlavə fermentativ reaksiyalara ehtiyac yoxdur. L-metilfolatın absorbsiyası demək olar ki, 100%-dır. 
Bağırsaq ferment sistemlərinin iştirakı olmadan qana sorulur, hüceyrələr tərəfindən birbaşa tutulur, metabolik proseslərdə istirak edir və ürək-damar, bədxassəli xəstəliklərin, koqnitiv pozğunluqların, hamiləlik dövrünün ağırlaşmalarının və dölün inkişaf qüsurlarının riskini əhəmiyyətli dərəcədə azaldır.  

İstifadəsinə göstərişlər  
Aşağıdakı hallarda fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunur: 
- Makrositar anemiyaların müalicə və profilaktikası, o cümlədən hamilələrdə 
- Hamiləliyə hazırlıq mərhələsi
- Hamiləlik dövründə dölün qüsurlu inkişafının, hamiləliyin pozulmasının profilaktikası 
- Laktasiya dövründə fol turşusu defisitinin və anemiyanın müalicəsi və profilaktikası
- Ürək-damar xəstəliklərin profilaktikası və kompleks müalicəsində 
- Malabsorbsiya sindromu, seliakiya, maddələr mübadiləsinin pozulması zamanı fol 
  turşusu çatışmazlığı
- Xronik qanitirmələr (mədə-bağırsaq, sidik kisəsi, hemorroidal və s. qanaxmaları)
- Qaraciyər xəstəliklərinin kompleks müalicəsində
- Bəzi dərman preparatlarının (epilepsiya əleyhinə, kombinə olunmuş oral kontraseptivlər,
  sitostatiklər) qəbulu zamanı folat mübadiləsinin pozulması
- Orqanizmdən fol turşusunun xaricolması yüksək olduqda (məs., alkoqol asılılığı fonunda,
  hemolitik anemiya zamanı)
- İonlaşdırıcı radiasiya, kimyəvi maddələr, o cümlədən dərmanlarla şərtləndirilən anemiyalar 
  və leykopeniyalar
- Mədə və ya bağırsağın bir hissəsinin rezeksiyası, bağırsaq vərəmi və xroniki qastroenteritlər     ilə şərtləndirilən meqaloblast anemiyalar  (bu xəstəliklərdə anemiya olmadan da istifadəsi göstərişdir)

Əks göstərişlər
Preparatın tərkibində olan hər hansı bir komponentinə qarşı fərdi yüksək həssaslıq, В12 vitamini defisiti,  bədxassəli yenitörəmələr, bədxassəli anemiyalar, ağır dərəcəli meqaloblast və ya
makrositar anemiya. 

İstifadə qaydası və dozası 
Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 tablet gündə 1 dəfə yemək zamanı su ilə qəbul olunur.
Ağır hallarda doza həkim məsləhəti ilə 2-3 dəfə artırıla bilər. 
Preparat uzun müddət ərzində (ən azı 2-3 ay) qəbul olunmalıdır. 
Metifol tablet 14 yaşdan kiçik uşaqlara həkim məsləhəti ilə təyin oluna bilər.
Doza, qəbul qaydası və müalicənin müddəti həkim tərəfindən fərdi olaraq tənzimlənə bilər.

Buraxılış forması: Tablet №30 blisterdə, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 
İstehsalçı: ValueMed Pharma S.r.l., San Marino (İtaliya).

bottom of page