Tərkibi (1 tabletdə)
Təsiredici maddələr:
Lütein 5% ……………………..……..… 10 mq
Zeaksantin 10% ………………..….…..... 3 mq
Rutin …………………………..…….…. 50 mq
A vitamini (Retinol) ………............…….. 1 mq
B2 vitamini (Riboflavin) …………..……. 6 mq
B6 vitamini (Piridoksin hidroxlorid) ….. 0,1 mq
Köməkçi maddələr:
Mikrokristallik sellüloza, kolloidal silisium, maqnezium stearat.
Məhsul haqqında məlumat
Luvit-R, təbii maddələrin orijinal kombinasiyası olub, gözlərin sağlamlığı üçün mühüm rol oynayan bioloji fəallığa malik vasitədir. Tərkibindəki komponentlərin xüsusiyyətləri və bioloji aktivliyinə əsaslanaraq görmə qabiliyyətini yaxşılaşdırır, görmə itiliyini artırır, torlu qişanı sərbəst radikalların zərərli təsirindən qoruyur, işıq və rəng qəbulunu təmin edir, göz xəstəliklərin yaranmasının qarşısını alır.
Lütein və zeaksantin gözlərin hər yaşda sağlam qalmasına kömək edən qidalı maddələrdir. Gözləri xarici faktorların (ultrabənövşəyi şüalar, parlaq işıq, kompyuter, televizor ekranlarının şüası) zədələyici təsirindən qoruyan, piqment təbəqəsinin fəaliyyətini təmin edən karotinoidlərdir. Lütein və zeaksantin orqanizmdə istehsal olunmur, yalnız qida ilə daxil olur, göz büllurunda və torlu qişanın mərkəzi hissəsinin (makula, sarı nöqtə) hüceyrələrində toplanır. Tam görmə qabiliyyətinin qorunması lütein və zeaksantinin retinadakı miqdarından asılıdır.
Lütein və zeaksantinin 2 əsas funksiyası vardır: antioksidant və qoruyucu.
Bu görmə piqmentləri gözün torlu qişasında "zərərli" mavi işıq şüalarının 80-90%-ni özünə hopdurur, günəş işığının retinanın dərin təbəqələrinə nüfuz etməsinin qarşısını alır. Günəş işığının təsiri altında gözün retinasında sərbəst radikallar əmələ gəlir. Lütein və zeaksantin, güclü antioksidant olub, sərbəst radikalları neytrallaşdırır, onların orqanizmdən xaric olmasını təmin edir, gözləri onların zədələyici təsirindən qoruyur, göz hüceyrələrinin vaxtından əvvəl qocalmasını, torlu qişa və quzehli qişada distrofik dəyişiklikərin əmələ gəlmə təhlükəsini azaldır, torlu qişanın dağılmasını və bulanmasının qarşısını alır. Gecə görməsini yaxşılaşdırır, görmə itiliyini artırır, torlu qişanın bərpasına müsbət təsir göstərir. Göz yorğunluğu, yaşla əlaqədar makulodistrofiya, katarakta və digər göz xəstəliklərinin qarşısını almaq üçün istifadə edilir. Lütein və zeaksantin gözdə makula piqmentinin optik sıxlığını artırır və makulyar distrofiyadan qoruyur. Bu karotinoidlər qısa dalğalı uzunluğundakı işığı filtr edir və retinada sərbəst radikalların əmələ gəlməsini azaldır. Lütein və zeaksantin görmə keyfiyyətini də əhəmiyyətli dərəcədə yaxşılaşdırır: kontrastlılığı, “kor” nöqtələrinin azalması, parlaq işıq təsirindən sonra bərpası. Zeaksantin retinanın yüksək kontrastlı görməsini və kor ləkələrin korreksiyası kimi vacib funksiyalarını, lütein isə aşağı kontrastlı görməni və görmə funksiyasının parlaq işığın təsirindən sonra sürətli bərpasını tənzimləyir. Buna görə, bu iki vacib maddə birlikdə qəbul olunmalıdır. Tədqiqatlarda lütein və zeaksantin kombinasiyasının daha təsirli olduğu göstərilmişdir.
A vitamini (retinol) görmə piqmenti olan rodopsin sintezində və mübadiləsində iştirak edir, gözləri qaranlıqda görməyə uyğunlaşdırır, retinanı möhkəmləndirir, gözlərin sağlamlığı və görmə itiliyi üçün mühüm rol oynayır. A vitamini çatışmazlığı zamanı rodopsin sintezi pozulur və insanlarda “gecə korluğu” xəstəliyinin yaranmasına səbəb olur. Həmçinin rəng qəbulu da pozula bilər. A vitamini göz səthinin nəmlənməsini təmin edir və qurumadan qoruyur. Retinol çatışmazlığı buynuz qişanın qurumasına, konyunktivitlərin yaranmasına, ağır hallarda isə buynuz qişanın perforasiyasına (cırılmasına) səbəb ola bilər. Görmə qabiliyyətinin pozulması zamanı bu vitaminin qəbulu mütləqdir.
Rutin (P vitamini) təbii güclü antioksidant xüsusiyyətləri olan bioflavonoiddir. İnsan orqanizmində sintez olunmur. C vitaminin daha yaxşı mənimsənilməsi üçün vacibdir, xırda qan damarların (kapilyarların) quruluşunu, elastikliyini, tonusunu və keçiriciliyini normallaşdırır, onların sklerotik zədələnməsinin qarşısını alır, normal qan axını təzyiqini təmin edir, qansızmaların qarşısını alır. P vitamini toxuma tənəffüsünü stimulə edir və C vitaminin toxumalarda toplanmasını təmin edir.
B qrupu vitaminləri bəzi amin turşuların göz damarlarına mənfi təsirini azaldır, qan dövranını yaxşılaşdırır, həmçinin antioksidant kimi təsir göstərir, katarakta, qlaukomanın yaranma təhlükəsini azaldır.
B2 vitamini (Riboflavin) karbohidratların "yandırılmasında" və “həyat yanacağı” olan ATF sintezində fəal iştirak edir. Bu proses zamanı ayrılan enerji göz əzələlərinin işləməsinə sərf olunur. Riboflavin retinanı UB şüaların zərərli təsirindən qoruyur, qaranlığa uyğunlaşmanı təmin edir, görmə itiliyini artırır. B2 vitamini göz damarlarını möhkəmləndirir, qan dövranını sürətləndirir, bəbəklərin fəaliyyətini yaxşılaşdırır, rəng və işıq qəbuluna və gecə görməsinə müsbət təsir edir. Göz büllurunda aktiv antioksidant olan qlutationun ehtiyyatlarını təmin edir. Riboflavin çatışmazlığı qaranlıqda görmənin pozulmasına, gözdə kapilyarların partlamasına səbəb olur, əhəmiyyətli defisiti zamanı isə buynuz qişanın ciddi iltihabi xəstəliklərinə, torlu qişanın və göz sinirinin zədələnmələrinə, kataraktanın yaranmasına səbəb olur.
В2 vitamini A vitamini ilə birlikdə göz reseptorlarının fəaliyyətində iştirak edir və göz toxumalarını qısadalğalı şüalardan qoruyur.
B6 vitamini (Piridoksin) hüceyrə mübadiləsində (xüsusilə zülal) iştirak edir, göz almasının qan tədarükünü yaxşılaşdırır, sinir liflərinin sabit fəaliyyətini təmin edir. Gözlərin tez yorulması, gözlərdə diskomfort hissi, quruluq, yad cisim hissi, qızartı, kiçik kapilyarların tamlığının pozulması kimi əlamətləri aradan qaldırır. Bu vitaminin çatızmazlığı alaqaranlıq görmənin pozulmasına səbəb olur.
İstifadəsinə göstərişlər
Aşağıdakı xəstəliklərin kompleks müalicə və profilaktikasında görmə qabiliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunur:
- Görmə itiliyinin zəifləməsi
- Torlu qişanın distrofik xəstəlikləri
- Kontakt linzaların və eynəklərin istifadəsi
- Kompyuter və digər qadjetlərdən davamlı istifadə
- Yaxından görmə (miopiya) zamanı fəsadların profilaktikası
- Gözlərin yorğunluq sindromu (avtomobil istifadəsi, aşağı işıqlanma şəraitində işləmə və s.)
- Yüksək ultrabənövşəyi şüalardan qorunmaq məqsədilə (yay fəsli, peşə vərdişləri və s.)
- Parlaq işıqla işləyənlər (qaynaqçılar, fotoqraflar, modellər, aktyorlar və s.)
- Qocalıq prosesi ilə əlaqədar gözlərin struktur dəyişiklikləri (katarakta, şüşəvari cismin
destruksiyası)
- Şəkərli diabet, revmatoidli artrit, ürək-damar xəstəlikləri və arterial hipertenziya zamanı
göz xəstəliklərinin profilaktikası
- Gözlərdə aparılan cərrahi əməliyyat zamanı sağalmanın sürətləndirilməsi məqsədilə
- İdmanla məşğul olanlara (külək serfingi, dağ xizəyi, alpinizm)
- Yaşla əlaqədar makulodistrofiyanın profilaktikası məqsədilə
- Göz travmalarından sonra bərpa dövrü
Əks göstərişlər: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası
Luvit-R tablet yemək zamanı su ilə daxilə qəbul olunur.
Həkim tərəfindən başqa cür təyin edilməyibsə aşağıdakı dozalarda istifadə edin.
4-14 yaş arası uşaqlar: 1 tablet gündə 1-2 dəfə
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 tablet gündə 2-3 dəfə
Müalicə müddəti təxminən 1-2 ay təşkil edir.
Ehtiyac olarsa təkrar müalicə kursları təyin oluna bilər.
Doza və müalicənin müddəti həkim tərəfindən tənzimlənə bilər.
Buraxılış forması: 30 tablet, blisterdə, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
İstehsalçı: ValueMed Pharma S.r.l., San Marino.